Avqustun 31-də Qubadlı rayonunun erməni işğalçıları tərəfindən zəbt olunmasından 15 il ötür. Azərbaycanın cənub-qərbində, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin arasında 35 km uzunluğunda Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonunun ümumi sahəsi 80250 hektardır.
Lent.az-ın məlumatına görə, Qubadlı dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən, Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşir. Rayonun dövlət meşə fondu sahəsi 13160 hektar, o cümlədən meşə ilə örtülü sahə 7288, mədəni meşə əkini 11 hektardır. Qubadlı meşələri qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, göyrüş, söyüd, ardıc, akasiya, yemişan, armud, zoğal, qarağat və başqa ağaclar ilə örtülü idi. Qubadlı rayonu ərazisində ehtiyatları 6247 min m3 olan və mişar daşı istehsalı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan kərpic istehsalına yararlı Xanlıqkənd gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan daşlar, istismar ehtiyatları 84 min m3/gün olan Qubadlı yeraltı şirin su yataqları var.
