ABA CEELİ – YƏ QARŞI BİR GÜNDƏ İKİ MƏHKƏMƏ PROSESİ
Belə ki, Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi saat 12:00-da ABA CEELİ-nin keçmiş əməkdaşı Anar Elmanoğlunun ABA CEELİ-yə, onun nəzdində fəaliyyət göstərən Hüquqi Yardım Mərkəzinin əməkdaşları Selcan Məmmədliyə və Lalə Adilovaya qarşı “ayrı-seçkiliyin qadağan olunması, ayrı-seçkiliyə məruz qalma nəticəsində dəymiş madddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə hazırlıq iclası keçiriləcək. Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevin sədrliyi ilə keçiriləcək prosesdə isə vəkil Oqtay Məmmədzadənin “şərəf və ləyaqətin müdafiəsinə dair” iddiasına baxılacaq. Oqtay Məmmədzadə ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmasa da, Anar Elmanoğlu ilə əlaqə saxlayıb hər iki məhkəmə prosesi barədə fikirlərini öyrəndik. “Bu məhkəmə proseslərinin bir-biri ilə heç bir bağlılığı və əlaqəsi yoxdur, onlar arasında paralel aparmaq düzgün olmazdı” deyən müsahibim sabahki hazırlıq iclasından sonra mətbuata ətraflı informasiya verəcəyini bildirdi. “Təxminən 1 ay əvvəl yaxın günlərdə mətbuat konfransı keçirəcəyinizi bildirmişdiniz, amma keçirmədiniz. Bunun səbəbi nədir, yoxsa iddianızdan imtina edəcəksiniz?” sualına Anar Elmanoğlu “Düzdür mən bu barədə məlumat vermişdim, lakin sonradan fikrimi dəyişdim, deyəcəklərimi məhkəmənin hazırlıq iclasından sonra, qarşı tərəfin mövqeyini bildikdən sonraya saxladım. Bu həm də qarşı tərəfə öz nüfuzunu xilas etmək üçün verilmiş bir şansdır. Hər halda onlar yaxşı bilirlər ki, mən nələıri açıqlayacam” deyə cavab verdi. Yeri gəlmişkən, qeyd edək ki, artıq ABA CEELİ-də vakant hüquqşünas yerlərinə qəbul başa çatıb. Maraqlısı odur ki, 4 hüquqşünas vakansiyası olduğu halda ABA CEELİ yalnız 3 nəfər hüquqşünasla əmək müqaviləsi bağlayıb, 1 yer isə hələ də vakant qalır. Məsələ ilə bağlı söhbətləşdiyimiz adlarının çəkilməsini istəməyən hüquqşünaslar iddia ərizəsi ilə tanış olmadıqlarından dəqiq bir şey deyə bilməyəcəklərini, bir vakant yerin qalmasını isə, ABA CEELİ-nin iddiadan narahat olması və yəqinki məhkəmədə barışıq təklifi üçün saxlanıldığını bildirdilər. Anar Elmanoğlunun özü isə bu məsələyə “mən iddiamın əsassız olmadığına tam əminəm” deməkdən başqa heç bir şərh vermədi. EYV-AZ

