Tanınmış hüquqşünas Anar Elmanoğlu Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı ofisini və ofisin nəzdində fəaliyyət göstərən Hüquqi Yardım Mərkəzinin iki nəfər rəhbər əməkdaşını məhkəməyə verib.

Hüquqşünas özünə qarşı ayrı-seçkiliyin qadağan olunmasını, ayrı-seçkiliyə məruz qalması nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzinə kompensasiya ödənilməsini, həmçinin ofisdə baş verən neqativ halların araşdırılması üçün cinayət işinin başlanmasını tələb edir.
Məlumat üçün bildirək ki, Anar Elmanoğlu 2006-cı ilin avqust ayından ABA CEELİ-nin Hüquqi Yardım Mərkəzində hüquqşünas vəzifəsində çalışır. HYM, ABA CEELİ-nin Azərbaycanda həyata keçirdiyi çoxsaylı layihələrdən biri olub, əsasən aşağıda göstərilən iki məqsədə xidmət edir:
1.Əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım göstərmək;
2.Vəkil olmaq istəyən gənc hüquqşünaslara Vəkillər Kollegiyasına üzv olmaq üçün tələb olunan hüquqşünas ixtisası üzrə 3 illik iş stajını qazandırmaq.
Həmin layihədə vəzifəsi bilavasitə əhaliyə pulsuz hüquqi yardım göstərməkdən ibarət olan 15 nəfər gənc hüquqşünas, vəzifəsi həmin 15 nəfərin işinə nəzarət etmək və onlara istiqamət verməkdən ibarət olan 3 nəfər baş hüquqşünas (onlardan 2 nəfəri Vəkillərin Kollegiyasının üzvləridir) və digər texniki işçilər fəaliyyət göstərirlər.
Layihənin növbəti üçüncü ili üçün bütün işçilərlə əmək müqaviləsi bağlansa da, layihədə çalışan üç nəfər gənc hüquqşünasla – Anar Elmanoğlu, Lamiə Məmmədova və Pərvin Məmmədova ilə əmək müqaviləsinin müddətinin artırılmasından imtina edilib.
Anar Elmanoğlunun bloqumuza verdiyi açıqlamaya görə ABA CEELİ-nin ölkə direktoru Frenk Hespe onlarla əmək müqaviləsinin artırılmamasını hər üç hüquqşünasın son dərəcə yüksək peşəkarlığa malik olmaları və bu layihənin onlara daha heç nə öyrətmək iqtidarıında olmaması ilə izah edib. Lakin hüquqşünas bu arqumentlə razılaşmır, müsahibimin sözlərinə görə, onunla və digər iki nəfər hüquqşünasla əmək müqaviləsinin müddətinin artırılmaması onların proqram rəhbəri Selcan Məmmədli ilə və ofis meneceri Lalə Adilova ilə münasibətlərinin pisləşməsidir. “Hələlik bir çox faktların üstünü açmağa tələsmirəm” deyən Anar Elmanoğlu yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini, əllərində olan sübutları mətbuata təqdim edəcəklərini bildirdi.
Material www.eyvaz.azeriblog.com saytina məxsusdur.

